Xəbər
21.08.2026
AQTA sədri Qoşqar Təhməzli "Camal LTD"in istehsal müəssisəsi ilə tanış olub
Səfər zamanı istehsal sahələri, laboratoriya imkanları və soyuq zəncir infrastrukturu nəzərdən keçirilib, ixrac potensialının genişləndirilməsi müzakirə olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Camal LTD" şirkətinin fəaliyyəti ilə tanış olub.
Səfər çərçivəsində AQTA sədri müəssisənin istehsal və emal sahələrini, laboratoriya bölməsini və sınaq imkanlarını izləyib. Eyni zamanda hazır məhsulların saxlanması və daşınması mərhələlərinə — soyuq zəncirin bütün həlqələrinə baxış keçirilib.
Görüş zamanı müəssisənin istehsal potensialı, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, habelə məhsulların xarici bazarlara çıxarılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, şirkət müasir standart və texnologiyalardan istifadə etməklə müxtəlif çeşiddə məhsul istehsal edir. İstehsal prosesində qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri tətbiq olunur.
Tanışlıq zamanı qida təhlükəsizliyi tələblərinin təmin olunması, istehsal proseslərinin təkmilləşdirilməsi və ixrac potensialının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Camal LTD 1998-ci ildən Azərbaycanda dondurma və dondurulmuş məhsullar sektorunda fəaliyyət göstərir. Şirkətin "Iceland" ticarət markası ölkənin əsas pərakəndə şəbəkələrində təmsil olunur. Hazırda məhsullar İsrail, Türkmənistan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan bazarlarına ixrac olunur. Şirkət həm öz istehsalını, həm də idxal-distribusiya istiqamətini inkişaf etdirir.